Azərbaycanın aparıcı nəqliyyat şirkəti olan "BakuBus" Heydər əliyev adına Beynəlxalq Hava Limanı ilə birlikdə nəqliyyat xidmətlərinin təkmilləşdirilməsini davam etdirir, onların şəhər sakinləri və qonaqları üçün əlçatanlığını artırır.
Bu gündən etibarən h1 Airport Express marşrutu 24/7 işləyəcək və hava limanı ilə Bakı Mərkəzi arasında gecə-gündüz əlaqə yaradacaq. Gün ərzində Avtobuslar hər 20 dəqiqədən bir, gecə isə 45 dəqiqəlik fasilələrlə yola düşəcək.
Əvvəllər h1 avtobus marşrutu gecə saat 01:00-a qədər mövcud idi ki, bu da gec gələn sərnişinlər üçün narahatlıq yaradırdı. Genişləndirilmiş iş qrafiki sərnişinlərə günün istənilən vaxtında şəhərə maneəsiz çatmağa imkan verəcək və səyahətlərinin keyfiyyətini xeyli yaxşılaşdıracaqdır.
Marşrut Bakının "Koroğlu" mərkəzi və "28 May" metro stansiyası kimi əsas nəqliyyat qovşaqlarını əhatə edir. Bu marşruta xidmət edən müasir "Neoplan" avtobusları geniş baqaj bölmələri, kondisionerlər və məlumat ekranları ilə təchiz olunub ki, bu da səyahəti mümkün qədər rahat edir. Trafikə görə səyahət müddəti təxminən 30 dəqiqədir.
H1 marşrutu üzrə gediş haqqı 1,3 manatdır. Ödəniş hava limanında satın alına bilən "BakıKart" kartından, həmçinin "M10" və "Birbank"mobil proqramlarından istifadə etməklə mümkündür.
Qeyd etmək lazımdır ki, h1 marşrut cədvəlinin genişləndirilməsi bütün sərnişinlər üçün nəqliyyat xidmətlərinin rahatlığını və əlçatanlığını artırmaq məqsədi daşıyır, xüsusən də yaxın aylarda Bakıda keçiriləcək Formula 1 Qran-prisi və BMT-nin İqlim Dəyişikliyi üzrə tərəflərin Konfransı (COP29) kimi əlamətdar hadisələr ərəfəsində.